Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini hüquqşünas alimlərin 70 illik yubiley tədbirində iştirak edib
Cari ilin 24 aprel tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktorunun müavini Kamalə Paşayeva Hüquq və İnsan Haqları İnstitutunda keçirilən hüquq elminin inkişafına mühüm töhfələr vermiş — Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, h.e.d., professor Rüstəm Məmmədovun və Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, h.e.d., professor Kamil Səlimovun 70 illik yubileylərinə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovun professorlara ünvanlandığı video-təbriki nümayiş olunub.
Tədbirdə çıxış edən Kamalə Paşayeva yubilyarları təbrik edərək bildirib ki, hər iki alim ölkəmizdə hüquq elminin və hüquq təhsilinin inkişafında, eləcə də, yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasında mühüm rol oynayıb. O, vurğulayıb ki, bu gün iki böyük alimin 70 illik yubileyinin qeyd olunması, eyni zamanda, Azərbaycan hüquq elminə həsr olunmuş bir ömrə ehtiramın göstəricisidir.
Tədbirdə Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Vəkillər Kollegiyası, Dövlət Vergi Xidməti, həmçinin Mediasiya Şurasının nümayəndələri və bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti, o cümlədən hüquqşünas alimlər də iştirak ediblər.