Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin əməkdaşı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının işçi qruplarının 2025-ci il üzrə keçirilən ilk birgə iclasında iştirak edib
Cari ilin 8 aprel tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin baş mütəxəssisi Ülvi Qasımzadə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qruplarının 2025-ci il üzrə ilk birgə iclasında iştirak edib.
İşçi qrupların qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onlar arasında əməkdaşlığı gücləndirmək və korrupsiyanın qarşısının alınması sahəsində effektiv mexanizmlərin tətbiqini təşviq etmək məqsədilə keçirilən iclasda, həmçinin dövlət qurumlarının, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər iştirak edib.
İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin və Dövlət nəzarəti məsələləri şöbəsinin, həmçinin Komissiyanın Katibliyinin əməkdaşları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilmə perspektivləri, dövlət proqramlarının monitorinqinin aparılma qaydaları və təcrübədəki aktual problemlər, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsində nəzərə alınan göstərici və meyarlar və digər mövzular üzrə çıxışlar edilib. Çıxış və təqdimatlar üzrə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, Komissiyanın nəzdində formalaşmış müxtəlif istiqamətli işçi qrupların fəaliyyəti üzrə faydalı təkliflər irəli sürülüb.
Bundan başqa gələcək fəaliyyətin planlaşdırılması və istiqamətləndirilməsi üçün iştirakçılara sorğu anketləri təqdim olunaraq onların gözləntiləri, təklifləri və işçi qrupların fəaliyyəti ilə bağlı prioritet sahələrə dair rəylər toplanıb.